Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
KİVDF-nin məlumatına görə, fondun Müşahidə Şurasının iclasında müsabiqənin mövzularına dair müzakirələr aparılıb. Fondun icraçı direktoru Vüqar Səfərli təklif edib ki, mövzuları jurnalistlərin özləri KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirsinlər.
Müsabiqədə hər istiqamət üzrə birinci yer üçün 500 manat olmaqla 1, ikinci yer üçün 400 manat olmaqla 2, üçüncü yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğu təklif olunub. Bu halda fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 jurnalistin faydalana biləcəyi diqqətə çatdırılıb.
Müzakirələrin yekununda müsabiqənin 2015-ci il noyabrın 13-dən dekabrın 15-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.
Müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə hər jurnalist yalnız 1 yazı təqdim edə bilər. Yazı fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalı, son 1 ildə, həftədə 1 dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.