İsrail Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. İki ölkənin diplomatik münasibətləri 1992-ci il aprelin 6-da qurulub. Amma hələ də İsraildə Azərbaycan səfirliyi yoxdur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın İsraildə səfirlik açmasına ehtiyac olduğunu düşünür: “1991-ci ildə Azərbaycan müstəqillik qazandıqda İsrail onu ilk tanıyan dövlətlərdən biri olub. İsrailin Azərbaycanda səfirliyi var, çox da uğurlu fəaliyyət göstərir. Digər önəmli məqam Azərbaycanın İsraillə strateji tərəfdaş olmasıdır. Azərbaycan İsrailə böyük həcmdə neft satır. Bakı Qərbdən ala bilmədiyi müasir silahları məhz İsraildən alır. Beynəlxalq məsələlərdə zaman-zaman İsrailin dəstəyini görürük. Bu amilləri nəzərə alıb düşünürəm ki, Azərbaycan İsraildə səfirlik açmalıdır. Bu məsələni yubatmaq olmaz.
Bəziləri hesab edir ki, Azərbaycan İsraildə səfirlik açsa, İran və ərəb ölkələri ilə münasibətlər mənfiyə doğru gedər. Amma düşünmürəm ki, bu, doğru arqumentidir. Çünki bəzi ərəb ölkələrinin özlərinin İsraildə səfirlikləri var. Misiri, İordaniyanı misal göstərə bilərik.
İrana gəlincə, bu ölkə Ermənistanla strateji tərəfdaşdır. Ermənistanın özünün İsraildə səfirliyi var. Yəni İran hansı arqumentlə bizə deyə bilər ki, İsraildə səfirlik açma?
Fikrimcə, strateji əməkdaşlıq baxımından İsraildə Azərbaycan səfirliyinin açılması zəruridir. Bu, iki ölkə arasında tərəfdaşlığı daha da yüksək səviyyəyə qaldıra bilər”.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov deyir ki, vaxtı gəlib çatanda İsraildə Azərbaycanın səfirliyi açılacaq: “Səfirliyin olmamasına baxmayaraq Azərbaycanın İsraillə diplomatik əlaqələr qurması, iqtisadi və siyasi əməkdaşlığı lazımı nöqtəyə çatdırması üçün heç bir problemi yoxdur. Beynəlxalq vəziyyət nə vaxt diktə etsə, bir də gördünüz Azərbaycan səfiri ya Yerusəlimdə, ya da Tel-Əvivdə oturub işlərini həyata keçirir”.
Politoloq Qabil Hüseynli İsraildə Azərbaycan səfirliyinin açılmaması üçün ciddi bir səbəbin olmadığını düşünür: “Ola bilsin, müəyyən dövlətlərlə münasibətləri pisləşdirməmək üçün İsraildə səfirlik açılmır. Ən çox İran İslam Respublikasına və bəzi ərəb ölkələrinə görə Azərbaycan bu addımı atmır. Başqa siyasi səbəb yoxdur. İsraildə səfirliyin açılması Azərbaycana ziyan yox, xeyir gətirə bilər”.
Orxan Aslanlı