2015-ci ilin iyununda Belçikanın şəxsi həyatın toxunulmazlığının müdafiəsi üzrə komissiyasının üzvləri “Facebook” sosial şəbəkəsinə qarşı məhkəmə çəkişməsi başladıblar. Komissiya üzvlərinin iddiasına görə, “Facebook” istifadəçilərin və sosial şəbəkədə qeydiyyatdan keçməyən vətəndaşların davranışını izləyir. Komissiya üzvləri bildirirlər ki, bu, Belçika və Avropa qanunvericiliyinə ziddir.
Novator.az xəbər verir ki, şəxsi məlumatın müdafiəsi üzrə dövlət orqanının “Facebook”u “Fərdi məlumatlar haqqında” qanunu pozduğuna görə məhkəməyə verməsi Avropa təcrübəsində ilk hadisədir.
Komissiyanın araşdırması göstərib ki, “Facebook” tapşırıq əsasında istifadəçilərin kənar saytlardakı davranışı haqda məlumatlar toplayır. Sosial şəbəkənin mövcud qaydalarına görə, belə hadisə baş verdikdə istifadəçi özü haqda məlumat toplanmasına qadağa qoya bilər. Amma mütəxəssislər deyirlər ki, sosial şəbəkə istifadəçi barədə məlumat toplamazdan qabaq icazə almalıdır.
Tədqiqat nəticəsində “Facebook”un sosial şəbəkədə qeydiyyatdan keçməyən vətəndaşları da izlədiyi üzə çıxıb. Bu isə Avropa İttifaqı ölkələrində mövcud qaydaların pozulması deməkdir.
Belçikanın şəxsi həyatın toxunulmazlığının müdafiəsi üzrə komissiyasının sədri Villem Debekelare “Facebook”un sözügedən fəaliyyətinin yolverilməz olduğunu vurğulayıb.
Məsələyə baxan Brüssel Mülki Məhkəməsi sosial şəbəkə ilə bağlı qərar çıxarıb. Qərara əsasən, “Facebook” 48 saat ərzində Avropa İttifaqı ölkələrindən olan istifadəçiləri izləməyi dayandırmalıdır. Dayandırmasa, hər ötən gün üçün Belçikanın şəxsi həyatın toxunulmazlığının müdafiəsi üzrə komissiyasına 250 min avro təzminat ödəməlidir.
Sosial şəbəkə ittihamları əsassız hesab edir və məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.